Niyə sevdiyim kişi ilə cinsi əlaqədə olmaq istəmirəm?

Sam Williams 16/01/2020

Zənn edilir ki, əhalinin 1-3%-i aseksualdır. Bu, həmin insanların başqalarına qarşı seksual istəyinin olmadığı mənasına gəlir.

Uzun illərdir Stacey heç kimlə - hətta əri ilə belə - cinsi əlaqədə olmaq istəmədiyinə görə təəccüb içində olub. Burada izah etdiyi kimi, ona həqiqəti tapmaqda həkimi kömək edib.

Həqiqətən də uzun zaman idi ki, əqli və ya fiziki cəhətdən problemli olduğumu düşünürdüm. Elə bilirdim ki, başqa insanlarla cinsi əlaqəni istəməmək normal hal deyil.

Dostlarım sevgililəri və ya sekslə məşğul olmaq istədikləri məşhurlar haqqında danışarkən, mən heç bir şey hiss etmirdim.

Bunu iyirmili yaşlarımın əvvəllərində hiss etməyə başlamışdım, amma heç kimə danışmırdım. Fikirləşirdim ki, insanlar "mənim qəribə olduğumu düşünəcəklər" və ona görə də hamıdan gizlədirdim.

Aseksuallıq çox qəribə bir haldır. Ola bilsin ki, insanlar məni seksual cəhətdən cəlb etmir, amma romantik mənada insanlara çox bağlanıram.

Porno zərərlidirmi? Dəlillər, miflər və bilinməyənlər

Niyə insanlar sekslə daha az məşğul olur?

Bakirəliyi pozmaq üçün kirayələnən kişi

Sevgilim - artıq həyat yoldaşımdır - ilə 19 yaşımda tanış olmuşam, amma o vaxta kimi seksin nə olduğunu bilmirdim.

"Bu kişini həqiqətən də sevirəm və əgər mənə evlilik təklif etsə, 100% hə deyəcəyəm, çünki həyatımın qalan hissəsini onunla keçirmək istədiyimdən əminəm. Niyə də onunla cinsi əlaqədə olmayım," deyə fikirləşirdim.

Biz sanki bir səyahətə çıxdıq - həyat yoldaşım və mən. O deyirdi: "Sənə aşiqəm. Nə qədər lazımdırsa gözləyərəm."

O, mənə çox dəstək olub və məni heç vaxt istəmədiyim heç bir şeyə məcbur etməyib.

Sosial normalara görə, seks və uşaqlar münasibətlərin davamlılıq şərtləridir. Demək olar ki, dostlarımın hamısı sekslə məşğul olur, evlənir və dünyaya uşaq gətirirdilər.

Öz-özümə deyirdim, "İlahi, ərimlə əlaqədə olub, uşaq doğmaq kimi bir borcum var mənim".

Artıq ərimin məni tərk edəcəyini düşünməyə başlamışdım və bu fikir məni dəli edirdi.

Dedim, "Bilirsən nə var? Bunu aydınlaşdıracağam, nə baş verdiyini öyrənəcəyəm".

Artıq 27 ya 28 yaşım olardı.

İnternetdə buna səbəb ola biləcək tibbi səbəbləri axtarmağa başladım, amma səhv etdim. Çox böyük bir səhv idi. Hormon səviyyəsini artırmaq kimi təhlükəli müalicələr haqqında oxuyurdum. Amma mənim diqqətimi beyin şişi ilə bağlı yazı çəkdi.

"Aman Allah, şişdən öləcəyəm," dedim öz-özümə.

Həkimim ilə görüşdüm və ona dedim, "Bax, düzünü de, həqiqətən öləcəyəm?"

O isə məni sakitləşdirib dedi, "Yəqin ki aseksualsan."

Mən çaşbaş qalmışdım, "O nə deməkdir?"

O, mənə bəzi internet səhifələri məsləhət gördü və özüm kimi insanları görəndə çox sevindim.

"Aseksual" kəlməsini heç vaxt eşitməmişdim.

Bir az axtarış apardıqdan sonra, özümü daha rahat hiss etməyə başladım. Ərimə də bu haqda danışdım və dedim, "Elə bilmə ki, bu hər şeyin axırıdır."

O isə halını heç pozmadı, "Elə bu cür təxmin edirdim" dedi.

Ərim çox anlayışlı idi. Bəlkə də xasiyyətimə görə məni əldən vermək istəmirdi.

Seks mənim üçün şəhvətdən daha çox bioloji proses xarakteri daşıyır. Ona görə də heç kimlə bu prosesi bölüşmək istəmirəm. Ərimlə belə.

"Vay-vay, yenə həmin hiss gəldi, qoy gedib onu yoluna qoyum" kimi gəlir mənə.

Ondan demək olar ki, imtina etmişəm.

Aseksuallıq bir spektrdir və elə aseksual insanlar var ki, münasibət qurduqdan sonra, sekslə də məşğul ola bilirlər. Amma mən bunu etməyə çalışsam da, bədənim istəməyib.

Məni yoran məsələ isə uşaqdır. Bu haqda kiməsə danışırsamsa reaksiyası bu cür olur, "İlahi, bəs sən dünyaya necə uşaq gətirəcəksən?"

Əgər uşaq istəsəm, bunun başqa yollarına baş vuraram.

Aseksuallıq barədə təxminən üç ildir ki xəbərim var. Mən ACE (aseksualın qısa forması) sözünü daha çox xoşlayıram. Bu söz məni rahatladır və özümü, davranışlarımı və düşüncəmi anlamaqda mənə həqiqətən də kömək olub.

ACE olmaqdan qürur duyuram və bu haqda mümkün qədər hər yerdə danışmağa çalışıram ki, insanlar başa düşsünlər və seks istəmədiyinə görə başqalarını mühakimə etməsinlər.

Əgər aseksuallıq haqqında 18 və ya 19 yaşımda məlumatlı olsaydım, sonrakı illərdə əqli sağlamlığıma sahib çıxa bilərdim.

Ən gülməlisi isə aseksuallıq haqqında bilməmişdən qabaq, ərimin məni Stace Ace deyə çağırmasıdır.

Photo by People photo created by prostooleh - www.freepik.com

Content by https://www.bbc.com/azeri/magazine-41500270